Spid - Maraqli Melumatlar - Publisher - Azad Jurnalist Mekani
 
Site menu
Login form
Search
Publisher
Main » Articles » Maraqli Melumatlar

Spid
Səbinə Əvəzqızı,
Samir Zeynallı
 
...Axır vaxtlar onsuz da həyat onun üçün əzaba çevrilmişdi, ancaq bayram, bayram ərəfəsində əhvalı tamam korlanırdı. Bu il artıq iki dəfə əhvalı əməlli-başlı korlanıb. Uzun sürən depressiya hələ bitməyib və bilir ki, qarşıdan əvvəllər çox təmtəraqla hazırlaşdığı bir bayram gəlir: 8 mart. Onun qadınını təbrik etməyə nə qədər mənəvi haqqı var? Bu suala hələ özü də cavab tapa bilməyib.
Fəridlə Süsən (adlar şərtidir) evlənəndə və ondan sonrakı beş ildə çox xoşbəxt idilər. Fərid hər bayramda Süsənə sürpriz edib. Mütləq evdən kənarda şam edərdilər, ancaq birgə çıxdıqları evə qayıdanda Süsən yataq otaqlarını az qala tanımırdı. Fərid otağı bir dəfə şamlarla, başqa vaxt çiçəklərlə, bir başqa vaxt isə rəngli şarlarla bəzəyirmiş... Lənətə gəlmiş xarici səfərə kimi hər şey beləcə gözəl idi.
Hüquq fakültəsini bitiriblər. Süsən vəkil, Fərid isə tanınmış xarici şirkətlərin birində hüquqşünas işləyir. Xanımın 32, ərinin isə 34 yaşı var. Bir qız, bir oğlan uşaqları var. İki il əvvəl Avropaya səfəri zamanı tanış olduğu qadınla münasibət yaradan Fəridi şefi buna görə xeyli danlayır. Səfərdən qayıdan kimi ilk işlərindən biri qan analizi vermək olur. O vaxtdan bəri həyat onun üçün cəhənnəmə çevrilib.
QİÇS-ə yoluxduğunu bildikdən sonra bir dəfə intihara da cəhd edib. Xilas olduqdan sonra isə Süsənə və övladlarına söz verib ki, canına qəsd etməyəcək. Sonra “boşanmalıyıq” deyə israr etsə də, Süsən “bu onun üçün elə intihar kimi bir şey olar” deyərək, Fəridə tək qoymamağı qərara alıb. Nəhayət, xəstəliklə barışıb və elan edib ki, ömür nə qədər imkan versə, o qədər də yaşayacaq.
Fərid Süsənlə yataqlarını ayırıb. Həkim ünsiyyətin bəzi təhlükəsiz yollarını məsləhət görsə də, sevdiyi xanımın, övladlarının anasının sağlamlığını riskə qoymaq istəmir. İndi onlar bir evdə, sadəcə, tale yoldaşları kimi yaşayırlar. Bu hadisədən çox dar dairənin xəbəri var...
Bu əhvalatı bizə bir tanış danışıb. Azərbaycanda QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinin vəziyyəti, yayılma sürəti, bu xəstəlikdən əziyyət çəkənlərin taleyi haqda araşdırmaya başlayanda belə xəstəlik daşıyıcılarından birinin etiraflarını dinləmək istədik. Elə həmin vaxt apardığımız müzakirələrdə tanışım özünün yaxından tanıdığı və sirlərinə bələd olduğu bir ailənin başına gələnləri nəql etmişdi.
***
Milyonların taleyini dəyişən bu dəhşətli bəlanın ölkəmizdə vəziyyəti, inkişaf dinamikası və ona qarşı mübarizənin keyfiyyəti haqda araşdırmaya başlamazdan əvvəl öncə bu xəstəliyin nə olduğunu bilmək lazımdır. Tibb elmləri doktoru, professor Adil Qeybulla izah edir ki, QİÇS əsasən, qanla və xəstə insanın sekretlərinin (ifrazatlarının) sağlam adama düşməsi ilə yoluxur. Yəni, uşaqlıq yolu, sperma, ağız suyu, qanköçürmə vasitələri ilə və sağlam adamlar xəstə adamlarla müəyyən təmaslarda olarkən xəstəlik qazanılır.
QİÇS - retroviruslar qrupuna aiddir. Bu virus orqanizmə düşdükdən sonra, çoxalmağa başlayır və nəticədə immun sistemin hüceyrələri dağılır. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. Ona görə də onlar adətən, hüceyrə daxilində çoxalır. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm elə bir hala düşür ki, artıq o adi soyuqdəyməyə belə tab gətirə bilmir. Yəni, bütün müdafiə imkanları tükənir.
QİÇS-in mənbəyi Afrika ölkələrdir. İlk dəfə xəstəliyin virusları burada, homoseksualistlərdə aşkar olunub. Güman edilir ki, onlara da meymunlardan keçib.
Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, dünyada gündə 16 min adam QİÇS-ə yoluxur. Bunların 90%-i inkişaf etmiş ölkələrdədir. Onların 10 %-i yaşı 15-dən aşağı olan uşaq, 40%-i qadın, qalanı 15-24 yaş arasındakı gənclərdir.
QİÇS xəstəliyini müalicə etmək üçün “üçlü müalicə” sistemi var. Üç dərman-antivirus preparatları, immunmodulyator, protiazların indivitorları ilə müalicə aparılır. Bu dərmanlar analizləri ilə birlikdə 12 min dollar pul tələb edir. Bəla burasıdır ki, QİÇS virusu getdikcə formasını dəyişdiyinə görə, onun üçün hələlik vaksin tapa bilmirlər.
 
QİÇS yaymaq cinayətdir
Bu xəstəliyin xarici əlamətləri olmadığına görə, yoluxmamaq üçün ehtiyatlı olmaq lazımdır. Bu virusun daşıyıcıları xəbərdarlıq edilməlidir ki, virusun kiməsə keçməsinə səbəb olsalar, cinayət məsuliyyəti daşıyırlar.
Ölkəmizdə QİÇS yayılmasının qarşısının alınması haqqında qanun mövcuddur. Bu qanun xəstəliyin ölkə ərazisində yayılmasına yol verməmək üçün hüquqi təminatlar yaradır. Qanunun 7-ci maddəsinə əsasən qanın, onun komponentlərinin, digər bioloji mayelərin, orqanların və toxumaların donorları HIV-ə məcburi tibbi müayinədən keçirlər. Bundan imtina edən şəxslər donor ola bilməzlər.
10-cu maddədə isə HIV-lə yoluxmuş şəxslərin, onların ailə üzvlərinin bu xəstəliklə əlaqədar işdən azad edilməsinə, onların işə, habelə məktəbəqədər tərbiyə müəssisələrinə, təhsil müəssisələrinə və tibbi yardım göstərən təşkilatlara qəbul etməkdən imtina olunmasına, başqa hüquqlarının və mənafelərinin məhdudlaşdırılmasına yol verilmir.
Qanunun 5-ci fəslində HİV-lə yoluxdurmaya və HİV-lə yoluxma sirrinin yayılmasına görə məsulİyyət nəzərdə tutulur. HIV-lə yoluxmuş şəxsin başqasını HIV-lə qəsdən yoluxdurma təhlükəsi yaratması və ya yoluxdurması məsuliyyətə səbəb olur. Bu şəxslər, cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, islah işlərinə cəlb olunmadan başlayaraq, 8 ilə kimi azadlıqdan məhrum edilməyə qədər cəzalandırıla bilərlər. Öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində HIV-lə yoluxmanın baş verməsində təqsiri olan tibb işçiləri də məsuliyyətə cəlb edilirlər.
Qalib Əliyevin sözlərinə görə, epidemiyanın təhlükəlilik dərəcəsi Azərbaycan cəmiyyəti tərəfindən hələ də ciddi qəbul edilmir. Azərbaycan xəstəliyin yayılmasına görə Qafqazda birinci, Avropada isə axırıncı yerləri tutur.

“...Gəldim sizi öldürməyə”

Ölkəmizə gələn əcnəbilərdə bu xəstəliyin aşkarlanması istiqamətində bir sıra problemlər var. Mərkəzin direktoru bildirir ki, xarici vətəndaşlar arasında kəşfiyyatçı epidemioloji müşahidələrin aparılmasının qanunvericilik baxımından mümkün olmaması narahatedici haldır.
Uzun müddət miqrantlara hüquqi yardım sahəsində çalışmış, “Leqat” hüquq firmasının rəhbəri Əlövsət Əliyev bildirir ki, ölkədə əcnəbilərin sayı barədə informasiya olmadığına görə, ölkəmizə gələn, gedən, daimi yaşayan iş adamlarının və digər şəxslərin dövlət orqanları tərəfindən rəsmi qeydiyyatı aparılmır. Yalnız o şəxslərin qeydiyyatı aparılır ki, həmin adamlar özləri gəlib ölkəmizdə yaşamaq üçün daimi qeydiyyata düşürlər. Buna görə də virus daşıyıcılarını müəyyən etmək mümkün deyil.
Hüquqşünas son illərdə Azərbaycanda QİÇS xəstəliyinin artmasını miqrasiya prosesləri ilə izah edir. Onun sözlərinə görə, ölkəmizdən xaricə gedən miqrantların çox böyük əksəriyyəti bu xəstəliyə qarşı minimum biliklərə belə malik deyil. Əyalətlərdən xaricə gedənlərin vəziyyətinin daha ağır olduğunu bildirən hüquqşünas deyir ki, cənub rayonlarından Rusiyaya gedən şəxslərdən bir çoxunun bu xəstəliyi qazanmasının şahidi olublar. Bəla orasındadır ki, onlar uzun müddət bu xəstəliyə tutulduqlarından xəbərsiz olurlar.
Ə.Əliyev hesab edir ki, Azərbaycanda QİÇS xəstəliyinin yayılmasına başqa ölkələrə nisbətən çox münbit şərait var. Bunun səbəbi isə xalq arasında maarifçilik işinin az aparılmasında, yoluxanların əksəriyyətinin müraciət etməməsindədir.
Hüquqşünas QİÇS-ə yoluxma səbəblərindən biri kimi fahişəliyin çoxalmasını göstərir: “Dünyanın bir sıra ölkələrində fahişəlik haqqında qanun var. Ancaq Azərbaycanda belə qanun qəbul olunmayıb. Bu, həmin yolun yolçularının nəzarətdə saxlanmasına zəmanət verərdi”.
“Qanköçürmə İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rüstəm Rüstəmov deyir ki, QİÇS xəstəliyi qan və qan preparatlarının köçürülməsi zamanı baş verir. Onun sözlərinə görə, donorlardan qan alarkən, uzun analizlər aparılır: “Bütün qan və qan elementləri köçürülərkən yoxlanılır ki, qan köçürülən adam

QİÇS-ə yoluxmasın”.

Professor deyir ki, əvvəllər donorlar immunoloji üsulla yoxlanılırdı. Ancaq indi qan analizi zəncirvari polimeraza reaksiyası vasitəsi ilə aparılır. Ən müasir, dəqiq və şəffaf analiz isə “BLOT” üsulu ilə aparılan analizdir.
Bundan başqa, QİÇS xəstəliyi qan preparatlarının hazırlanma texnologiyalarında səhvə yol verildikdə də yoluxa bilər. Plazma və qandan hazırlanan preparatlar indi rekombinat üsulla alınır ki, bu da çox təhlükəsiz üsuldur.
İnstitutunun Qan Bankının baş həkimi Namiq Qayıbov isə bildirir ki, donorda xəstəlik aşkar edilərsə, onun haqqında QİÇS-lə Mübarizə Mərkəzinə məlumat göndərilir. Həkim onu da bildirir ki, xəstəxanadan kənarda qan götürülməsi halları baş verir: “Məsələn, məhərrəmlik ayında, xüsusən aşura günündə yüzlərlə adam qan verir. Bu zaman bizim səyyar briqadalarımız məscidlərə, fabrik və zavodlara, ümumiyyətlə, bütün qan verilən müəssisələrə gedir və onlardan qan alırlar. Bu qanlar xüsusi qablarda gətirilib, soyuduculara yerləşdirilir. Qeyd edim ki, belə yoxlanmamış qanlar üçün xüsusi soyuducularımız var. Üstündə də “yoxlanılmayıb” yazılır. Onların hamısının analizləri ayrıca laboratoriyaya göndərilir. Ancaq bu qanların yoxlanması müəyyən qədər vaxt alır. Zərərli çıxan qanlar aktlaşdırılır, zərərsizlər isə istifadəyə verilir”.
Qan köçürmə zamanı xəstəliyə tutulma faktı 1998-ci ildə 4 nəfərdə olub. Həkim deyir ki, ondan sonra belə bir hadisəyə rast gəlməyiblər. Hazırda paytaxtda 30-a yaxın qanköçürmə şöbəsi var. Bundan başqa, Qubada, Gəncədə, Naxçıvanda da qanköçürmə şöbələri fəaliyyət göstərir. Onların hamısı Qanköçürmə İnstitutunun təlimatı əsasında fəaliyyət göstərir.
Gözəllik qurban tələb edir?
Gözəllik salonunda manikürçü işləyən Ruhiyyə Salahova deyir ki, indi müştərilərin çoxu manikürdən çəkinirlər: “QİÇS-in yayılma qorxusu onları gözəllik salonlarında manikür etdirməyə imkan vermir. Bir çoxları ya evdə özü manikür edir, ya da özləri ilə manikür alətlərini gətirirlər ki, burada biz edək. Ancaq manikürə gələn müştəriləri razı salmaq üçün istədikləri təmizliyə riayət edirik. Hər manikürdən sonra alətləri spirtlə yuyur, xlorlu dərmanla təmizləyirik. 10 illik fəaliyyətimdə mən hansısa müştəriyə QİÇS xəstəliyinin keçməsinə rast gəlməmişəm. Ancaq bu barədə eşitmişəm”.
Dünyaya virus yükü ilə...
Həkimlərin dediyinə görə, doğum evlərində də QİÇS-ə yoluxma halları baş verə bilər. Respublika Klinik Xəstəxanasının Patoloji Hamiləlik şöbəsinin müdiri, tibb elmləri namizədi Zəhra Abbasova deyir ki, hamiləlik dövründə onlara müraciət edən qadınlardan əvvəlcə analiz götürülür: “Onlarda QİÇS virusu varsa, qəbul etmərik, QİÇS-lə Mübarizə Mərkəzinə göndərərik. Ancaq indiyə qədər bizə belə xəstə müraciət etməyib”.
Klinik Tibbi Mərkəzin Doğum şöbəsinin müdiri tibb elmləri namizədi Səyyarə Verdiyeva da hələ ki, bu cür hallarla rastlaşmayıb.

Bu, yoluxmaq dünyanın sonu deyil

Nəhayət, bu virusun daşıyıcısı olan insanlarla da söhbətləşə bildik. QİÇS-lə Mübarizə İctimai Birliyinin İdarə heyətinin sədr müavini Sahib Hüseynov deyir ki, bu xəstəliyin qurbanı olan insanları iki qrupa ayırmaq olar - virus daşıyıcıları və onların yaxınları: “Onların yaxınları dedikdə həmin problemi virus daşıyıcısı ilə birlikdə yaşayanlar nəzərdə tutulur. Məsələn, bu xəstəliyə tutulan insanın anası ondan çox əzab çəkir”.
QİÇS-ə yoluxanlarla anlayışlı davranmağın lazımılığından danışan S.Hüseynov deyir ki, Birlikdə onlar xəstələrin inamını qazana biliblər: “Önəm verdiyimiz məsələlərdən biri onlara ixtisaslarına uyğun iş tapmaqdır. Hələlik layihələrimiz çərçivəsində onları müəyyən işlərlə təmin edirik. Bu xəstələrin arasında İqtisad Universitetini, Texniki Universiteti bitirən insanlar var. Xəstələr bizim kimi insanlardır, onlarla hər gün avtobuslarda, yollarda, məclislərdə qarşılaşırıq. Bizim cəmiyyətdə belə bir yanlış düşüncə var ki, QİÇS statusu qazanan insan gedib kəfən geyinməlidir. Xaricdə elə insanlar var ki, bu xəstəliklə 20 il yaşayır. Ancaq özlərini başqa xəstəliklərdən qoruyurlar, müəyyən preparatlar qəbul edirlər”.
 
QİÇS-li xəstələri özlərinin statusunu gizlədirlər. Bu, onların ətrafdakılar tərəfindən pis reaksiya ilə qarşılaşmaq qorxusundan irəli gəlir. S.Hüseynov deyir ki, bir neçə il əvvəl televiziya verilişlərindən birində virus daşıyıcısı olduğunu etiraf edən bir gəncin taleyi sonradan çox acınacaqlı olub. Ən yaxın adamları belə ondan üz döndəriblər.
Müsahibimiz deyir ki, təşkilatın 57 nəfər üzvü virus daşıyıcısı, 263 nəfəri isə onların ətrafında yaşayan insanlar, yəni, qohumları, dostlarıdır. Təşkilatımıza üzv olan virus daşıyıcılarının ən cavanının 22, ən yaşlısının isə 41 yaşı var. Onlar arasında kişilər çoxluq təşkil edir: “Biz onların bir-biri ilə evlənmələrini də təmin etmək niyyətindəyik. Bu, elə də təhlükəli deyil. Onların uşaqlarının bu xəstəliklə doğulmasının qarşısını almaq mümkündür. Xaricdə kişi toxumalarının təmizlənməsi aparatları mövcuddur. Biz istəyirik ki, beynəlxalq təşkilatların köməyi ilə həmin aparatları ölkəmizə gətirək. Bu prosedur İtaliyada 8-10 min avroya başa gəlir”.
S.Hüseynovun məlumatına görə, bu yaxınlarda Qlobal Fondun yardımı ilə Azərbaycanda 17-18 laboratoriya açılması planlaşdırılır. Kim istəsə, könüllü şəkildə gedib analiz verərək, QİÇS-ə tutulub-tutulmadığını yoxlaya bilər.
Yeri gəlmişkən, Qalib Əliyev evlənmək istəyən insanların mütləq bu xəstəliyə yoxlanmasını təklif edir. Maraqlı təklifdir. Evlənmək üçün VVAQ-a müraciət edənlərdən başqa sənədlərlə yanaşı, qan analizi də tələb etmək olar. S.Hüseynov bunu bizim cəmiyyətdə hələlik mümkünsüz sayır.
S.Hüseynovun sözlərinə görə, dünyada bu xəstəliyin qurbanlarını immun hüceyrələri ilə təmin etmək üçün 4 sxem mövcuddur. Bu sxemlər on iki preparat əsasında qurulub: “Bu xəstələri yatağa uzatmaq yox, yaşatmaq lazımdır, yaşamağa həvəs yaratmaq lazımdır. Əgər qadın bu xəstəliyin daşıyıcısıdırsa, ondan yoluxma ehtimalı cəmi 2%, kişi bu xəstəliyini daşıyıcısıdırsa, ondan yoluxma ehtimalı 98%-dir”.
Xarici ölkələrdə QİÇS-lə Mübarizə Mərkəzlərinin üzvləri arasında azərbaycanlılar da az deyil. Məsələn, S.Hüseynovun dediyinə görə, Odessadakı Mərkəzin 104 nəfər azərbaycanlı üzvü var. Təsəvvür edin, milyon yarım əhalisi olan şəhərdə QİÇS-li soydaşlarımızın sayı bu qədərdirsə, böyük şəhərlərdə nə qədər ola bilər. Onlar ölkəmizə qayıdanda neçə-neçə insanlara bu xəstəliyə yoluxdura bilərlər. Bu, faciədir. Bu xəstəliyin qurbanı olanlar ən çox xaricə gedən insanlardır. Məsələn, Dubaya gedən qadınların 40%-i QİÇS-lə qayıdır. Ölkəmizdə də QİÇS daşıyıcısı olan xarici vətəndaşlar var. Azərbaycanda bu ildən zərərin azaldılması proqramı da həyata keçiriləcək. Bizim təşkilat da bu proqramın həyata keçirilməsində iştirak edəcək”.

Müdhiş statistika

1987-ci il yanvarın 1-dən indiyədək Azərbaycanda aşkar olunan QİÇS-ə yoluxma hadisələrinin sayı 928-dir. Bu virusu daşıyanların 870 nəfəri Azərbaycan, 58 nəfəri xarici vətəndaşlardır.
Azərbaycan QİÇS-lə Mübarizə üzrə Milli Mərkəzin direktoru Qalib Əliyevin verdiyi məlumata görə, ötən il QİÇS-lə infeksiyalaşmış insanların 29–u dünyasını dəyişib. 1987-ci ildən bu vaxta kimi isə cəmi ölənlərin sayı 96-ya çatıb, xəstəliyin ikincili mərhələsinə keçənlərin sayı da 96-dır.
2004-cü ildə ölkəmizdə 121 nəfərdə QİÇS aşkar olunduğu halda, 2005-ci ildə bu rəqəm 210-a çatıb. Bu da ötən illə müqayisədə xəstəliyin 73,6% artdığını göstərir.
Narahatlıq doğuran faktlardan biri də odur ki, 1987-1996-cı illər ərzində 3 milyondan çox qan nümunəsinin QİÇS-ə müayinəsi nəticəsində cəmi 7 vətəndaşda QİÇS-ə yoluxma hadisəsi aşkar olunub, 1997-2006-cı ilin yanvarında müayinələrin sayı 2,4 dəfə azalsa da, yoluxma hallarının sayı 123 dəfə artıb.
QİÇS-lə infeksiyalaşmış 347 (39,9%) Azərbaycan vətəndaşı respublikadan kənarda yoluxanlardır. Yoluxanların 416 (47,8%) nəfəri subaydır. Hazırda bu dəhşətli infeksiya ölkənin 52 inzibati ərazisini əhatə edir. QİÇS-ə yoluxanların 374 (43%) nəfəri Bakı, 496 (57%) nəfəri əyalət sakinləridir.
Respublikada QİÇS-ə yoluxanların 679 (78,0%) nəfəri kişi, 171 (19,7%) nəfəri qadın, 20 (2,3%) nəfəri anonim qaydada müayinə olunanlardır. İnfeksiyalaşmış 870 vətəndaşımızın 419 nəfəri (48,2%) venadaxilinə narkotik maddə vuranlar, 237 (27,2%) nəfəri heteroseksual cinsi əlaqədə olanlar, 12 (1,4%) nəfəri ana bətnində yoluxanlar, 7 (0,8%) nəfəri homoseksual cinsi əlaqə zamanı yoluxanlar, 1 (0,1%) nəfəri isə donor qanının köçürülməsi nəticəsində yoluxanlardır. Obyektiv və subyektiv səbəblərdən 22,3%-də (194 nəfər) yoluxma yolunu aşkar etmək mümkün olmayıb.
QİÇS-ə yoluxmuş 870 nəfər vətəndaşdan 681 nəfəri ən məhsuldar (78,3%) - 15-39 yaş qrupuna aid olan insanları təşkil edirlər. Yaş mənsubiyyətinə görə QİÇS-ə yoluxanların 12 nəfəri (1,4%) yeni doğulmuş uşaqlar, 15 nəfəri (1,7%) - 15-19 yaşlı, 92 nəfəri (10,6%) - 20-24 yaşlı,_205 nəfəri (23,6%) - 25-29 yaşlı, 369 nəfəri (42,5%) - 30-39 yaşlı, 121 nəfəri (13,9%) - 40-49 yaşlı,_13 nəfəri (1,5%) - 50-59 yaşlı, 6 nəfəri (0,7%) - 60-69 yaşlı, 2 nəfəri (0,2%) - 70-dən yuxarı, 35 nəfər (3,9%) isə yaşı naməlum şəxslərdir.
Azərbaycanda 8 ailədə ata-ana-uşaq, 63 ailədə ər-arvad, 154 ailədə yalnız ərlər, 11 ailədə isə yalnız qadınlar QİÇS-ə yoluxub. Bu ailələrin yoluxmasının günahkarları əsasən narkoman ərlər və seks-bizneslə məşğul olan qadınlardır.
2004-cü ildə 224006 qan nümunəsi müayinə olunduğu halda, 2005-ci ildə QİÇS-ə laborator müayinələrin sayı 259852-ni ( +35,846 ) keçib ki , bu da əhalinin 2,9%-ni təşkil edir. Müayinələrin azlığı QİÇS epidemiyasının real vəziyyətinin öyrənilməsi və infeksiyaya nəzarət mexanizminin tətbiq edilməsi vacib olan narkomanlar, zöhrəvi xəstələr, məhbuslar, fahişələr, homoseksuallar, miqrantlar, sürücülər, donor qanı köçürülmüş şəxslər arasında kəşfiyyatçı epidmüşahidələrin təşkilinə imkan vermir.
QİÇS-lə infeksiyalaşmış insanların tibbi-sosial dezadaptasiyası nəzərə alınaraq, onların 94 nəfərinə (14 nəfərə ötən ildə) müvafiq əlillik qrupları təyin edilib.
***
Dünyadakı “ağ ölüm”lərin sırasında yer alan bu müdhiş bəladan hələlik qurtuluş yoxdur. Özlümdən qurtuluş olmadığı kimi. Amma bizim hər birimiz həyatımızı elə yaşaya bilərik ki, bu cür çıxılmaz, əlacsız duruma düşməyək. Hər birimizin, ətrafımızdakılar, xüsusilə də dünyadakı izimizi bizdən sonra davam etdirəcək nəslin sağlamlığı naminə...
Category: Maraqli Melumatlar | Added by: jurnalist (2007-08-23)
Views: 640 | Comments: 1 | Rating: 0.0/0 |

Total comments: 0
Name *:
Email *:
Code *:
Catalog categories
Tercumeyi-hal [10]
Maraqli Melumatlar [5]
Elan [0]
Astrologiya [3]
Islam [12]
Flash oyunlar [6]
Layiheler [1]
Mentiq [1]
Our survey
Meni ...?
Umumi Sesler: 98
Site friends
 
 
Copyright MyCorp © 2016