İNSAN ALVERI - Maraqli Melumatlar - Publisher - Azad Jurnalist Mekani
 
Site menu
Login form
Search
Publisher
Main » Articles » Maraqli Melumatlar

İNSAN ALVERI
Məlahət RZAYEVA


Bu yazı ötən il bu vaxt yazılmış olsaydı, biz yenə də qanunvericilik aktlarına əlavə edilməsi zəruri sayılan maddələrdən, onların hələ də tətbiq olunmamasından və bunun insan ticarətçilərinin öz bizneslərini rahatca həyata keçirməsinə rəvac verdiyindən yazacaqdıq. Ötən ildən bu yana çox şey dəyişdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 30 sentyabr 2005-ci il tarixində bir qanun imzaladı; Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Əslində bu, xarici ölkələrdə ən çirkin işlərə cəlb edilən, bədəni hərraca çıxarılan, ləyaqəti tapdanan minlərlə Azərbaycan qadını üçün xilaskar obrazında çıxış edən bir qanun idi. Çünki o bilavasitə insan ticarəti alverçilərinin cəzalandırılmasını özündə ehtiva edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilmiş 144.1; 144.2 və 316.1-ci maddələrə görə insan alveri (biz burada genişliyə yol vermirik - red), bir sözlə, şəxsin istismarı 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Və bəri başdan deyək ki, rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, artıq bir nəfər qadın bu maddələrlə cinayət məsuliyyətinə cəlb edilib və hazırda istintaq altındadır. Belə düşünmək olardı ki, konkret məsuliyyət nəzərdə tutan qanun qəbul edilibsə, insan ticarətçiləri bir az ehtiyatlı davranmağa başlayacaq, ticarətin qurbanları isə, nəhayət ki, hüquqlarının tapdandığını sübut edə biləcək və yenidən cəmiyyətin bərabərhüquqlu bir üzvünə çevriləcəklər.
Lakin elə bu günlərdə Türkiyədən Azərbaycana deportasiya edilmiş bir xanımla - insan ticarəti qurbanlarından biri ilə söhbət edəndə problemin hələ də çox ciddi şəkildə dayandığının şahidi olduq. Bu xanım əslən Osetiyadandı. İnsan ticarəti qurbanı kimi o, “Təmiz Dünya” İctimai Birliyinə təhvil verilib. Həqiqi adını açıqlamaq normalara zidd sayıldığından “Təmiz Dünya” əməkdaşları burada onu Gülnigar adı ilə çağırmağa başlayıblar. Osetiyalı bu xanım başına gələnləri belə anlatdı:
Bir stəkan çayın badına gedən “Gülnigar”
- 5 övladım var. Həyat yoldaşım vəfat etdikdən sonra bizneslə məşğul olmağa başladım. Əslən Osetiyadan olduğum və orada çoxlu qohum və tanışlarım olduğu üçün onların yardımı ilə Rusiyadan İrana satmaq üçün elektrik malları aparır, İrandan Rusiyaya satmağa gül gətirirdim. Bir müddətdən sonra isə artıq Türkiyədə də ticarət işləri aparmağa başladım. Bu sahədə böyük gəlir əldə etmişdim. Sonuncu dəfə Türkiyəyə gedəndə yolda bir rus qadını ilə tanış oldum. İlk baxışdan çox kübar, mədəni və savadlı görünən bu qadının adi bir oğru olduğu heç ağlıma da gəlməzdi. İstanbulda o məni Ağ saray adlanan yerdəki çox kübar bir kafeyə çay içməyə dəvət etdi. Mən həmin gün sadəcə sonuncu dəfə çay içməyimi xatırlayıram. Ayılanda özümü qapalı otaqda gördüm. Həmin qadın mənim üstümdəki 5000 avronu və brilliant qaşlı üzüyümü götürmüş, özümü isə insan alveri dəllallarına satmışdı.

9 ay ərzində mənim ayıq günüm olmadı. Özümə gələn kimi mənə iynə vururdular. Bu müddətdə nə qədər insana seksual xidmət göstərməyim də yadımda deyil. Mən ancaq polis tərəfindən xilas olduqdan sonra bildim ki, demə, bu müddət ərzində məni 3 dəfə cərrahi əməliyyat ediblər. Bu əməliyyatlar hansı məqsədlə həyata keçirilirdi, məqsədləri nə idi, hansı müddətdə baş vermişdi, bu sualların cavablarını bilmirəm. Həkim müayinəsindən isə qorxuram. Axı 5 övladım var, onlar üçün yaşamalıyam. Bu müddət ərzində elə bilirdim ki, 5 ildir buradayam. Lakin polis idarəsinə gətirildikdə bildim ki, 9 ay İstanbuldakı qapalı evlərdən birində saxlanmışam. Sonuncu dəfə isə onlar məni saxlandığım yerdən çıxararaq harasa aparırdılar. Onlar öz aralarında kürd dilində danışdıqları üçün mən heç nə başa düşmürdüm. Onlara yalvardım ki, məni sağ buraxsınlar, 5 övladım var. Onlar məni küçədə tanımadığım yerdə atıb getdilər. Hara gedəcəyimi bilmirdim. Buna görə də key kimi camaata baxırdım. Bu zaman iki nəfər mənə yaxınlaşdı. Bu müddətdə mən kişilər tərəfindən o qədər zorakılığa məruz qalmışdım ki, artıq bütün kişilərə nifrət edirdim. Ona görə də bu adamların məni harasa aparacağından qorxaraq qışqırmağa, polis çağırmağa, yardım istəməyə başladım. 2 polis yaxınlaşdı və məni şöbəyə apardılar. Vəziyyətimi öyrəndikdən sonra məni Xarici İşlər Nazirliyindəki Yabançılar şöbəsinə apardılar. Orada mənə hər cür yardım göstərdilər. Bu müddət ərzində onlar bir neçə dəfə məni müayinə etmək istəsələr də, razı olmadım. Çünki qorxuram. Yabançılar şöbəsindən məni Beynəlxalq Miqrasiya Təşkilatının xətti ilə “Təmiz Dünya” İctimai Birliyinə təhvil verdilər. 2 aydır ki, buradayam.
Bəri başdan deyək ki, bu xanımın sonrakı taleyi hələ məlum deyil. O hara gedəcək, nə işlə məşğul olacaq, bilinmir. “Gülnigar” indi “qurban” ömrünün “gizli sığınacaq” mərhələsini yaşayır.

Türkiyədə nə qədər azərbaycanlı “qurban” var?
“Gülnigar” dedi ki, İstanbulda olduğu müddətdə bir çox azərbaycanlı qızlarla rastlaşıb:
- Onların əksəriyyəti həqiqətən də bu vəziyyətə mənim kimi özlərinin xəbəri olmadan düşmüşdülər. O qızların çoxu imkanlı ailələrdəndi. Antaliyaya və Türkiyənin digər şəhərlərinə istirahətə gələnlərdən olublar. Sonradan özləri bilmədən tora düşüblər...
Gülnigarın dediyi “bir çox” qeyri-müəyyən sayı həqiqi vəziyyəti göstərməkdə acizdir. Kimsə “bir çox” sözü altıda 100-200, ən uzağı 500 qadının olmasını başa düşə bilər. Əslindəsə bu say dəhşətli dərəcədə böyük rəqəmdir. Bəlkə də hazırda Türkiyədə hərraca çıxarılan azərbaycanlı qadınlar minlərlədir. Əgər sadəcə bir osetin qadın qaldığı bir (!) qapalı evdə bir çox (!) azərbaycanlı qadınla rastlaşırsa, 67 milyonluq Türkiyədə bu cür qapalı evlərin nə qədər olması və orada nə qədər qadının, o cümlədən nə qədər azərbaycanlı qadının saxlanmasını təsəvvürə gətirmək elə də çətin deyil. Bir də ki, söhbət təkcə Türkiyədən getmir. Biz osetin qadının söhbəti əsasında Türkiyənin üzərinə gəldik. İnsan ticarətinin şaxələri bütün dünyanı bürüyüb. Artıq Azərbaycanın özü də yaxın gələcəkdə transfer edən ölkədən təyinat ölkəsinə çevrilmək üzrədir. Və əgər biz yaxın zamanda Azərbaycanın adının təyinat ölkələri sırasında çəkilməsinin şahidi olsaq gərək buna təəccüblənməyək.
Xarici ölkələrdə nə qədər azərbaycanlı qadın olduğunu öyrənməyin mümkünsüzlüyünü “Təmiz Dünya” sədri Mehriban Zeynalova da etiraf etdi: “Biz bu barədə sadəcə, şahidlərin, xarici ölkələrə səfər edənlərin söhbətlərindən, baş vermiş hadisələrdən məntiqi nəticə çıxara bilərik. Demək olar ki, bu problem hər zaman mövcud olub. Lakin o zamanlar bu barədə danışmaq yasaq idi. Danışmaqdan qorxurdular. Keçmiş SSRİ dağıldıqdan, respublikalar müstəqillik qazandıqdan sonra isə bu mövzu gündəmi əməlli-başlı zəbt etdi. İndi problemdən gen-bol danışılır, statistik rəqəmlər göstərilir. Heç zaman açıqlanmayan rəqəmlərin indi uca səslə söylənməsi istər-istəməz insanlarda onların çox böyük olduğu təəssüratını yaradır. Nəzərə alsaq ki, Azərbaycan artıq dünyaya açılıb, xarici ölkələrlə ən müxtəlif səpkili əlaqələr qurulur, bu fonda insan alverçilərinin də fəallaşması və öz bizneslərini genişləndirmək üçün Azərbaycanı seçmələri də təbii və realdır. M.Zeynalova xüsusi olaraq bunu da vurğuladı ki, insan ticarətçiləri yeni metodlarla işləməyə başlayıb. Bu, daha çox Türkiyə ilə bağlıdır. Son məlumatlara görə, əgər əvvəllər qadınlar Türkiyəyə seksual istismar məqsədilə aparılırdısa, indi onları uşaq doğuzdurmaq üçün aparırlar. Uşaq doğulduqdan sonra ananın əlindən alınır, ancaq nə ananın taleyi, nə də uşağın taleyi bəlli olmur.
360 qadın Birləşmiş Ərəb Əmirliklərinə aparılıb

Bu ilin fevral ayında ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə insan alveri probleminə həsr olunmuş 3 günlük seminar keçirildi. Seminarda ATƏT-in Bakı ofisinin sədr müavini Robin Sivord dedi ki, Azərbaycanda insan alverinə dair ilk tədqiqat 2002-ci ilin dekabrında aparılıb. Həmin tədqiqatlar zamanı məlum olub ki, təkcə Birləşmiş Ərəb Əmirliklərinə 360 azərbaycanlı qadın aparılıb.
Elə həmin tədbirdə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəhbəri İmran Nəcəfov bildirib ki, hazırda insan alveri qurbanlarının sayı 500-ə yaxındır. İdarə rəhbəri vurğulayıb ki, bu, yalnız qeydə alınanlardır və insan ticarəti qurbanlarının sayının göstərilən rəqəmdən çox olması istisna deyil. Çünki əksər qadınlar başına gələnləri gizlədir, qorxudanmı, ehtiyat etdiklərindənmi, ya yaxınlarının, qohumların tənəsindən çəkinərək hansı vəziyyətə düşdüklərini etiraf etmirlər. İnsan alverinin qurbanı olan, lakin bu və ya digər səbəblərdən rəsmi orqanların qeydiyyatına düşməyən şəxslər də kifayət qədərdir. Bütün bunlarsa insan alveri qurbanlarının dəqiq sayının ifadə edilməsinə mane olur. Lakin dəqiq sayın olmaması bu mütəşəkkil cinayətkarlığın tutumunu heç də kiçiltmir. Hazırda bütün dünya bu problemlə mübarizə aparır.
O cümlədən də Azərbaycan dövləti. İnsan Alveri ilə Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edildikdən sonra artıq Azərbaycan hökuməti də bu problem barədə açıq danışmağa başlayıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, 2005-ci ildə insan alveri ilə bağlı 159 cinayət faktı aşkar edilib. Nəticədə 153 nəfər məsuliyyətə cəlb edilib. İnsan alveri qurbanlarını qazanc məqsədilə əxlaqsız əməllərə sövq edən 13 mütəşəkkil cinayətkar qrup ifşa olunub. Tədqiqatlar zamanı 231 nəfərin insan alverinin qurbanı olması faktı aşkarlanıb.

Hazırda əsas problem nədir?

İndi ATƏT problemin həlli istiqamətində əsas addımlardan biri kimi insan ticarəti qurbanları üçün sığınacaqların açılmasını hesab edir və problemin həllində hökumətlə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını önəmli sayır. Seminarda o da vurğulanmışdı ki, Azərbaycan hökuməti sığınacaq problemini mart ayınadək həll etməlidir. Göründüyü kimi artıq aprel ayıdır, sığınacaq isə hələ ki, yoxdur. Bu sığınacaq necə olacaq, harada olacaq, bu suallar açıq qalır. Məsələn, seminar iştirakçısı olan İmran Nəcəfov fikirlərini belə açıqlayıb ki, sığınacaqda insan alveri qurbanlarına həkim və psixoloq yardımı göstəriləcək. “Qurbanlar” sığınacaqda 15 gündən 3 ayadək qala biləcəklər. Əslində “qurbanın” sığınacaqda qalma müddətinin kiçik və ya böyüklüyü onun sağlamlığı, psixoloji durumundan asılı olacaq. Sığınacaq polis tərəfindən xüsusi mühafizə olunacaq, lakin bu zaman onların fəaliyyəti kənardan diqqətçəkici olmayacaq. ATƏT-in tövsiyəsini nəzərə alan Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarını da bu işə cəlb etmək istəyindədir. QHT-lər də sığınacağa sığınanlarla işləyə biləcəklər. Ümumiyyətlə, QHT-lər sığınacaqlardakı insan ticarəti qurbanları ilə təmas yaratmaqda, onlara psixoloji yardımların göstərilməsində iştirak etməkdə öz xidmətlərini təklif edirlər. Məsələn, “Təmiz Dünya” İctimai Birliyi öz kiçik ofisində artıq neçə-neçə qurbanı qəbul edib, onlara sığınacaq verib. Lakin birlik sədri M.Zeynalova bu qənaətdədir ki, bu işlə dövlət səviyyəsində məşğul olmaq lazımdır. İnsan ticarətçilərinin torundan xilas olan şəxs dövlətin təşkil etdiyi sığınacaqda özünü tam təhlükəsiz hiss etməli, məhz sığınacaqda onun cəmiyyətə yenidən adaptasiya olunması prosesi aparılmalıdır. Hələ də milli əxlaq ehkamlarını qoruyub saxlayan


Azərbaycan cəmiyyətində bu mümkün olacaqmı?

“Təmiz Dünya” sədri isə hesab edir ki, insan ticarəti nədir, o hansı faciələri törədir, bundan necə sığortalanmaq olar, bunlarla bağlı vətəndaşlar arasında təbliğat və maarifləndirmə işi kifayət qədər aparılmayıb. “İnsan alveri qurbanının cəmiyyətə inteqrasiyasından söhbət gedirsə, onun psixoloji yardıma, müəyyən biliklərə yiyələnməsinə ehtiyacı olduğu yaddan çıxarılmamalıdı. Yaxşı olar ki, qeyri-hökumət təşkilatları insan alveri ilə mübarizə müstəvisində maarifləndirmə işinə önəm versinlər. Özü də bu səpkili tədbirlərin bölgələrdə həyata keçirilməsinə daha çox ehtiyac var. Heç kəsə sirr deyil ki, hazırda bizdə elə bölgələr var ki, oranın əhalisi məlumatsızlıq çevrəsindədir. Bu çevrəni dağıtmaq lazımdır. Çünki qadınlar çox zaman məlumatsızlıqdan insan ticarətçilərinin qurbanına çevrilirlər".
 
Gəncə və Naxçıvan - tranzit bölgələr
M.Zeynalova qeyd etdi ki, apardıqları sorğular zamanı daha çox bölgələrdən olan qadınların insan alverçilərinin əlinə düşdüyünü aşkarlayırlar. Azərbaycan regionları arasında insan alveri ticarətinin daha çox şimal bölgələri, Gəncə və Naxçıvanda aparıldığı məlum olur. Azərbaycandan qadınların xaricə ötürülməsi əksər hallarda ya Naxçıvan sərhəd-keçid məntəqəsindən, ya da Gürcüstan vasitəsilə Türkiyə ərazisinə keçməklə reallaşır. Gəncə və Naxçıvan artıq tranzit bölgələr hesab olunur. M.Zeynalovanın fikrincə, buna görə də adları çəkilən bölgələrdə sığınacaqların açılması labüddür. “Təmiz Dünya” sədri bu təklifin QHT-lərin birgə fəaliyyət məqsədilə İnsan alveri ilə mübarizə üzrə milli koordinator Vilayət Eyvazova təqdim olunacaq təkliflər paketində də əksini tapdığını dedi. M.Zeynalova bu fikirdədir ki, problemlə mübarizədə effektli nəticələrə nail olunmasında maarifləndirmə işinin əhəmiyyəti böyükdür. Burada təkcə əhalinin maarifləndirilməsindən söhbət getmir. İnsan alveri ilə bağlı qanunverici aktlara əlavə və dəyişikliklər edildiyindən məhkəmə sistemi işçiləri, hakimlər, prokurorlar, sığınacaqlarda çalışacaq polislər, xarici ölkələrdəki səfirliklərimizin əməkdaşları da maariflənməlidir:

- Hazırkı ictimai-sosial durumda heç kəs insan ticarəti qurbanına çevrilməkdən sığortalanmayıb. İnsan ticarəti qurbanlarına çevrilənlər əksər hallarda maddi sıxıntı içində olan qadınlardır. Bu vəziyyət onları daim psixoloji gərginlikdə saxlayır. Ona görə də hardasa iş yeri olması xəbərini eşidəndə məsələnin mahiyyətinə varmadan getməyə razılaşırlar. Və aldadılaraq ölkədən çıxarılırlar. Sonra isə zorla fahişəliyə məcbur edilirlər. Bu qadınların ölkəyə qayıtması isə problemə çevrilir. Onlar qayıtdıqları təqdirdə cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəklərini bilmirlər və ehtiyat edirlər. Belə halda qadınlar çalışır ki, vətənə xarici ölkədə qalma müddətləri guya bitdikləri qisimdə qayıtsınlar. Bu isə çox zaman mümkün olmur. Beləliklə qadınların uzun müddət xarici ölkədə istismara məruz qalmaları davam edir.

Çıxış yolu varmı?

Əlbəttə var. İnsanların insan ticarətçilərinin qarmağına keçməsinin müəyyən dərəcədə qarşısının alınması üçün ən əvvəl ölkə daxilində işlər görülməlidir. Biz hökumətin, hüquq-mühafizə orqanlarının üzərinə düşən məsul işləri hələlik bir kənara qoyuruq. İnsan ticarəti artıq müasir dünyanın qlobal problemləri dairəsinə daxil olub. Belə bir şəraitdə böyük işlərin reallaşdırılması üçün əvvəlcə kiçiklərdən başlamaq lazımdır. Məsələn, hava limanlarında, sərhəd keçid məntəqələrində, bu obyektlərə yaxın ərazilərdə, hava limanında, sərhəd-keçid məntəqələrində, lap elə şəhərin küçələrində insan ticarətinin əleyhinə reklam lövhələri vurmaq, xüsusi plakatlar nəşr etdirib divarlara yapışdırmaq elə də çətin iş deyil. Əhalinin maariflənməsində və məlumatlanmasında müəyyən dərəcədə telekanallar rol oynaya bilər. Hazırda ölkə əhalisinin böyük qisminin daha çox telekanalları izlədiyini nəzərə alıb insan ticarəti ilə bağlı xüsusi reklam çarxlarının efirdə nümayişini təşkil etmək, problemə həsr olunmuş verilişlər, tele-layihələr hazırlamaq da bizcə, elə böyük zəhmət tələb etmir.
Category: Maraqli Melumatlar | Added by: jurnalist (2007-08-23)
Views: 764 | Rating: 0.0/0 |

Total comments: 0
Name *:
Email *:
Code *:
Catalog categories
Tercumeyi-hal [10]
Maraqli Melumatlar [5]
Elan [0]
Astrologiya [3]
Islam [12]
Flash oyunlar [6]
Layiheler [1]
Mentiq [1]
Our survey
Meni ...?
Umumi Sesler: 98
Site friends
 
 
Copyright MyCorp © 2016