Azerbaycanin Tehsil Problemi - Maraqli Melumatlar - Publisher - Azad Jurnalist Mekani
 
Site menu
Login form
Search
Publisher
Main » Articles » Maraqli Melumatlar

Azerbaycanin Tehsil Problemi
TƏHSİL ACLIĞI
Kimdir günahkar: qəbul imtahanında 4 bal toplayıb tələbə adı “qazanan” gənclər, yoxsa bu cinayətə şahidlik etmiş dövlət orqanları?
 
Elxan SALAHOV
 
Müstəqil Azərbaycan Universiteti ətrafında cərəyan edən hadisələr hökumət nümayəndələri arasında əməlli-başlı çaşqınlıq yaradıb. Cəmiyyət isə iyun ayının 1-dən müddətsiz aclıq aksiyasına başlayan tələbələrin öz tələblərində haqlı olub-olmadığı barədə mübahisələrə qulaq asır.
Təhsil Nazirliyi iddia edir ki, ötən il Müstəqil Azərbaycan Universitetinə qanunsuz yolla 1700-dən artıq tələbə qəbul edilib. Bu faktı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da təsdiq edir. Komissiya sədri Məleykə Abbaszadə bildirib ki, hazırda universitetin bağlanmasına etiraz edən tələbələrin əksəriyyəti TQDK-nın keçirdiyi qəbul imtahanlarında minimal keçid balını belə toplaya bilməyib. Hətta onların arasında cəmi 20-30 bal toplayanlar da var. Hazırda etiraz aksiyası keçirən tələbələrin bir qismi isə ümumiyyətlə, TQDK-nın keçirdiyi imtahanlarda iştirak etməyib. Nə qədər qəribə olsa da, tələbələr özləri də daxili test yolu ilə universitetə qəbul olunduqlarını təsdiqləyirlər. Arxasınca da söyləyirlər ki, onların təhsil hüququ pozulub və Təhsil Nazirliyi həmin tələbələrə qeyd-şərtsiz diplom verməlidir.

Həqiqət harada və necə gizlənir?

Maraqlıdır, TQDK ötənilki qəbul imtahanlarında bu tələbələrin nə qədər bal topladıqlarını adbaad açıqlamaqla kimin haqlı olub-olmadığını sübut edə bilməzmi? Yaxud tələbələrin aksiya keçirdiyi yerdəcə onların siyahısını tutub kimin hansı yolla tələbə adını “qazandığını” müəyyən etmək olmazmı?
Elə M.Abbaszadə özü də deyir ki, aclıq aksiyası keçirən tələbələrin taleyini həll edərkən hər bir məsələyə ciddi fikir verilməlidir. Məsələn, dəqiq bilinməlidir ki, onlar test imtahanında nə qədər bal toplayıblar? Yaxud da indi köçürülmək istədikləri universitetlərdə keçid balı nə qədər olub? Amma nə qədər qəribə olsa da, TQDK sədri bu məsələyə indiyədək aydınlıq gətirməyib. M.Abbaszadə deyir ki, həmin tələbələrin siyahısı TQDK-ya göndərilməyib, ona görə də onların qəbul imtahanlarında nə qədər bal topladığı məlum deyil.
Bu halda, daha bir maraqlı sual ortaya çıxır: bəs, TQDK sədri bu tələbələrin ali məktəblərə qəbul imtahanlarında keçid balını toplaya bilmədiyini haradan bilir? Deməli, ortada cəmiyyətə məlum olmayan bir sıra gizlinlər var. Əslində isə həmin tələbələrin siyahısını çıxarmaq, onların öz tələblərində haqlı olub-olmadığını müəyyənləşdirmək TQDK-nın əlində çox sadə işdir. Görünür, əsl həqiqətin üzə çıxması TQDK-nınmı, Təhsil Nazirliyininmi, ya kiminsə maraqlarına uyğun deyil. M.Abbaszadənin həqiqəti açıb göstərməyə marağı olsa, özünün nümayəndəsini göndərər tələbələrin aclıq etdiyi yerə. Orada 24 gündən bəri oturaq aksiya keçirən tələbələrin adını-soyadını götürmək və həmin siyahı üzrə kimin nə qədər bal topladığını araşdırıb cəmiyyətə təqdim etməklə məsələyə son qoymaq olar. M.Abbaszadə deyir ki, onlar Müstəqil Azərbaycan Universitetinə qanunsuz qəbul olunan tələbələrin xaric edilməsi üçün indiyədək bir neçə dəfə Təhsil Nazirliyinə müraciət ediblər, lakin nazirlik bu müraciətlərə reaksiya verməyib. Yalnız sonuncu semestr imtahanları ərəfəsində MAU-da yoxlamalara başlanıb.

Tərəflər arasında yarımçıq anlaşma

Təhsil Nazirliyində isə deyirlər ki, aclıq aksiyası keçirən tələbələrin hüquqları pozulmayıb. Əksinə, onlar dövlətin qanunlarını pozmaqla, oxumadan diplom almaq istəyirlər. Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov bildirib ki, həmin tələblərin təhsil hüquqlarının pozulduğunu iddia etmələri gülüncdür. Çünki bu tələbələrin əksəriyyəti heç təhsil almır, yəni onlar əslində tələbə deyillər. Sadəcə, Müstəqil Azərbaycan Universitetinin rəhbərliyi ilə sövdələşərək, adlarını tələbə siyahısına yazdırıblar. Sonradan aparılan araşdırmalar zamanı məlum olub ki, təkcə 2004-cü ildə Universitetə daxili testlə 1700-dən artıq tələbə qəbul olunub. TQDK-nın xətti ilə qəbul olunanların sayı isə cəmi 370 olub. Nazirliyin apardığı yoxlamalar zamanı universitetin fəaliyyətinin dayandırılacağından xəbər tutanların bir qismi öz təşəbbüsləri ilə başqa ali məktəblərə köçürülüb. Amma burada da onların təhsil alması qanunsuzdur. Çünki həmin tələbələrin əksəriyyəti TQDK-nın keçirdiyi imtahanlarda cəmi 10-15 bal torlayıb.
Bu qanunsuzluğun üstü açıldıqdan sonra tələbələrin Təhsil Nazirliyi ilə diplom davasına çıxdığını deyən İ.Pirməmmədovun fikrincə, indiki məqamda problemi həll etmək çox çətindir. Çünki həmin tələbələrin universitetə qəbul olunması işində heç bir dövlət orqanı iştirak etməyib.
Nazirlik xeyli araşdırmadan sonra MAU-nun 3 və 4-cü kurs tələbələrinin təhsilini davam etdirməsinə razılıq verib. Buna görə də 4-cü kursda təhsil alanlar bu il diplom ala biləcəklər. 3-cü kursda oxuyanlar isə başqa ali məktəblərə köçürüləcək və onların diplomunu həmin ali məktəb verəcək. İ.Pirməmmədov bildirib ki, 2001-ci ildən 2003-cü ilədək MAU-ya qəbul edilmiş tələbələrin hamısının problemləri həll olunacaq. Artıq tələbələrin köçürülməsi üçün bir neçə özəl ali məktəb müəyyənləşdirilib. Həmin məktəblərin adları isə qərar verildikdən sonra açıqlanacaq.
Qalır təkcə 2-ci kurs tələbələrinin məsələsi, bunu da məhkəmə aydınlaşdıracaq
Bu təkliflərlə razılaşmayan tələbələr isə tələblərin tam yerinə yetirilməsini istəyir. Bu o deməkdir ki, həm TQDK-nın, həm də Təhsil Nazirliyinin qanunsuz adlandırdığı 1700-dən artıq tələbənin təhsil hüququ tanınmalı, onlar da başqaları kimi digər özəl ali məktəblərə köçürülməli və sonda diplom almalıdır.
İ.Pirməmmədov isə deyir ki, ötən il qanunsuz olaraq MAU-ya qəbul olunmuş tələbələrin çoxu səhvini başa düşərək öz mövqeyindən geri çəkilib. Onların böyük əksəriyyəti zorla diplom almağın mümkünsüzlüyünü görüb, həqiqi hərbi xidmətə yollanıblar. İndi 1700-dən artıq tələbənin yalnız 150-si mübarizəni davam etdirir.
Təhsil Nazirliyinin xeyli vaxtdır ki, yoluna qoya bilmədiyi bu məsələ artıq məhkəmə səviyyəsində müzakirə olunur. Yəqin ki, məhkəmə tələbələrin əleyinə qərar çıxaracaq. Hətta tələbələrin öz tələblərində haqlı olmadığına dair əsaslı dəlil tapılmasa belə.
Biz isə problemin mahiyyətini aydınlaşdırmaq üçün 2005-2006-cı tədris ilində MAU-ya qanunsuz qəbul olunan tələbələrin siyahısını, onların TQDK-nın keçirdiyi imtahanlarda topladığı balların cədvəlini əldə edə bildik. Nə qədər təəccüblü olsa da, təhsil hüququnun pozulduğunu iddia edənlərin arasında qəbul imtahanından 4 bal, 8 bal toplayanlar var... Bu, onlara nəinki diplom, heç tələbə adı qazanmağa da imkan vermir. Amma məsələ təkcə bunda deyil. Bu illər ərzində Təhsil Nazirliyi, TQDK onların Universitet rəhbərliyi tərəfində aldadılmasına niyə aydınlıq gətirməyib? Axı hər kəsin özünün şəxsi maraqlarını güddüyü yerdə 4 bal toplamış abituriyentin cəmi 4 il sonra həkim adı qazanması təhlükəsi hər birimizi narahat etməlidir! Təkcə bu ballara baxıb, tələbələri haqsız saymaq olar. Bəs onların bu müddət ərzində itirdikləri vaxt, çəkdikləri xərc, yaşayacaqları sarsıntı hara yazılmalıdır? Faktiki cinayət baş verdiyini görə-görə, tərəflərdən birinin dövlət icazəsi ilə işləyən müəssisə olduğunu bilə-bilə vətəndaşın aldadılması prosesinə şahidlik edənləri bəs nə gözləyir?!
Siyahı böyük olduğundan onun hamısını dərc etmək imkanımız xaricindədir. Odur ki, ictimaiyyətin marağını nəzərə alaraq, bu siyahının cizi bir hissəsini oxucuların diqqətinə çatdırırıq.
Category: Maraqli Melumatlar | Added by: jurnalist (2007-08-23)
Views: 492 | Rating: 0.0/0 |

Total comments: 0
Name *:
Email *:
Code *:
Catalog categories
Tercumeyi-hal [10]
Maraqli Melumatlar [5]
Elan [0]
Astrologiya [3]
Islam [12]
Flash oyunlar [6]
Layiheler [1]
Mentiq [1]
Our survey
Azerbaycanda en etibarli operator hansidir?
Umumi Sesler: 259
Site friends
 
 
Copyright MyCorp © 2016