Ramazan ayının başlayıb, bitməsi haqqında alimlərin fətvaları - Islam - Publisher - Azad Jurnalist Mekani
 
Site menu
Login form
Search
Publisher
Main » Articles » Islam

Ramazan ayının başlayıb, bitməsi haqqında alimlərin fətvaları

بسم الله الرحمن الرحيم
Hörmətli müsəlman bacı və qardaşlar! Bayram gününün, ələlxüsus orucluğun, ölkələrdə müxtəlif vaxtlarda başlaması və bitməsi böyük problemə çevrilmişdir. Bununla əlaqədar alimlərin bəzi fətvalarını tərcümə etməyi özümüzə borc bildik. Orucluğun və bayramların təyin edilməsində olan ixtilaf:...

Daimi elmi araşdırmalar və fətvalar mərkəzi belə bir sual ilə soruşuldu: Müsəlman alimlər arasında Ramazan orucunun və bayramının başlamasında böyük ixtilaf vardır, onların bəziləri hədislərə, digərləri isə müasir astroloqiya alimlərinin dediklərinə əsaslanırlar, bu nə dərəcədə doğrudur? Cavabında buyurdular:
1. Doğru rəy Peyğəmbərin (s.a.v.), "Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin" - hədisinə əsaslanmaqdır.
2. Allah keçmişi və gələcəyi biləndir. O bizə ayı gördükdə oruc tutmağı fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya bənzər bir məsələdir. (Abdul Aziz ibn Bəz, Abdur Razzaq Afifi, Abdullah ibn Quud).
Daimi elmi araşdırmalar və fətvalar mərkəzi belə bir sual ilə soruşuldu: Ölkə xaricində təhsil alan tələbələr orucluğun başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə itaət etməlidirlər? Cavab: Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir. Alimlər ayın bir yerdə digər yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və “Daimi Elmi Araşdirmalar və Fətvalar” mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki:
1. Alimlərin bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri buna Quran və sünnədən əsas gətirirlər. Fərq, onların bu dəlilləri necə başa düşmələrindədir.
2. Bu məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. İslam ümməti neçə əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı görməkdə yekdil olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə haqqı vardır. (Abdul Aziz ibn Bəz, Abdur Razzaq Afifi, Abdullah ibn Ğudeyyan, Abdullah ibn Muney).
Daimi elmi araşdırmalar və fətvalar mərkəzi belə bir sual ilə soruşuldu: Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?! Cavab: Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Buna görə də, islam alimləri bu məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisə məğzli dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili fərqli şəkildə başa düşsünlər. Amma bütün bunlara baxmayaraq bu məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamış və onlar bir-birilərinə qarşı ehtiramla yanaşırlar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar. (Abdur Razzaq Afifi, Abdullah ibn Ğudeyyan, Abdullah ibn Muney).
Şeyx İbn Bəzdən soruşdular: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir? Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (s.a.v.) buyurub: "Oruc sizin oruc tutduğunuz gündür, iftar etməyiniz iftar etdiyiniz gündür, qurban kəsməyiniz qurban kəsdiyiniz gündür". Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir ki, alimlər ittifaq etmişlər ki, ayın çıxışları müxtəlifdir. Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər. Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimiz kimidir.
Şeyx Saleh ibn Fovzan ibn Abdullah soruşuldu: Məsələn Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir? Cavab: Peyğəmbər (s.a.v.) buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər (s.a.v.) orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.
Şeyx İbn Bəzdən soruşdular: Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin (s.a.v.) sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edəcəyik. Nəticədə ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq? Cavab: Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.
Sual: Bütün müsəlmanlar müxtəlif ölkələrdə eyni vaxtda oruc tutmalıdılarmı? Bəzi qeyri müsəlman ölkələrdə yaşayan müsəlmanlar necə oruc tutmalıdırlar? Cavab: Bu məsələdə elm əhli ixtilaf etmişlər. Yəni: Bir müsəlman ölkəsində ayın göründüyü və isbat olunduğu halda digər müsəlman ölkələr buna riayət etməlidirlərmi? Alimlərin bəziləri digər ölkələrin də buna riayət etməsinin lazım olduğunu deyirlər. Dəlilləri isə bunlardır:
1. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadı günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-Bəqərə-185.
2. "Onu (ayı) gördükdə oruc tutun". Bu xitab bütün müsəlmanlaradır.
3. Həmçinin hamıya məlumdur ki, hər kəsin ayın doğmasını görməsi şərt deyil. Bunu bir neçə nəfər görərsə bu kifayətdir. Bu da bütün ölkələri əhatə edir.
Digər alimlər isə demişlər ki, əgər ayın çıxışları müxtəlif olarsa bu zaman hər ölkənin öz ayı görməsi vardır. Əgər ayın çıxışları müxtəlif olmazsa (yaxın ölkələrdəki kimi) bu zaman hamı eyni etməlidir. Bu alimlər də birinci rəyin alimlərinin dəlillərini əsas gətirmişlər.
1. "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-Bəqərə-185. Hamıya məlumdur ki, burada məqsəd hər kəsin ayı görməsi qəsd olunmur. Ay görülən ölkədə və ayın çıxışları müxtəlif olmayan ölkələrdə (bir-birinə yaxın ölkələrdə) buna riayət edilir. Amma ayın çıxışlarında eyni olmayan ölkələr isə ayı nə həqiqi nə də hökmü olaraq görməmişlər.
2. Peyğəmbərin (s.a.v.), "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin" – bu sözü haqqında deyirik ki, başqa ölkədə olan adam, ayı görənlə ayın çıxışlarında eyni deyil. Bu adam ayı nə həqiqi nə də hökmü ilə görmüşdür.
3. Həmçinin aylıq vaxtlar da gündəlik vaxtlar kimidir. Necə ki, ölkələr gündəlik iftar və imsak vaxtlarında müxtəlifdirlər, aylıq vaxtlarda da müxtəlifdirlər və bu ixtilaf olmalıdır. Məlum olduğu kimi gündəlik vaxt ixtilafının təsiri vardır. Dünyanın şərqində yaşayan qərbində yaşayandan əvvəl oruc tutur və oruc açır. Deməli gündəlik vaxtda çıxışların müxtəlifliyi aylıq vaxtda olan çıxışların müxtəlifliyinin hökmü kimidir.
4. "Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın" əl-Bəqərə-187. "Gecə bu tərəfdən gəldikdə, gündüz də bu tərəfdən getdikdə və günəş batdıqda artıq oructutan iftar etmiş sayılır". Heç kəs deyə bilməz ki, bu ayə və hədis bütün ölkələrdəki müsəlmanlara aiddir. (Çünki bəzi ölkələrdə adi gecə-gündüz prinsipi yoxdur). Eləcə də Allah təalənin digər ayəsi haqda da belə deyirik: "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" əl-Bəqərə-185. Hədis haqda da belə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin".
Gördüyün kimi bu rəy ləfzinə, düzgün nəzəriyyəsinə və doğru qiyasına görə daha güclüdür. Bu rəydə gündəlik vaxtın aylıq vaxtla müqayisə edilməsi təmamilə doğrudur. Başqa bir rəyə görə isə bu iş əmr sahibinin, dövlət başçısının əlindədir. O, şəriət dəlilləri əsasında dediyi vaxt oruc tutulur və iftar edilir ki, insanlar arasında ikitirəlik və ixtilaf düşməsin. Bu alimlərin dəlili isə budur: "Orucluq oruc tutduğunuz gündür, iftar isə iftar etdiyiniz gün". Amma sualın ikinci hissəsinin cavabı isə belədir: Kafir ölkələrdə yaşayıb ayı görə bilməyən müsəlmanlar isə onlara yaxın olan ölkələrdən götürməlidirlər. (Əd-Dəvət kitabı, 5-ci cild, İbn Useymin, (2\ 152-156))
Şeyx Albani (a.r.e.) "Təmamul Minnə" adlı kitabında ramazan ayının başlayıb bitməsi haqda alimlərin üç müxtəlif rəyinə münasibət bildirir və cümhurun, yəni, ayın başlayıb bitməsi təzə doğmuş ayın görsənməsi ilə edilməlidir – rəyini daha üstün tutur və deyir: Harada yaşamasından asılı olmayaraq ayın görsənməsi xəbərini eşidən hər bir kəs bu xəbərə əməl etməlidir. Lakin hesab edirəm ki, İslam dövlətləri buna əməl edənə qədər mən hər bir dövlətin əhalisinə öz dövləti ilə oruc tutub açmasını daha məqsədəuyğun sayıram. Bəziləri öz ölkəsi, bəziləri isə başqa ölkə ilə oruc tutaraq öz aralarında parçalanma yaratmasınlar. Çünki bu bir millət arasında ixtilafları daha da genişləndirir. Biz artıq bir neçə ildir ki, bəzi ərəb dövlətlərində bunun şahidi olmuşuq. Allah daha yaxşı biləndir!" (Təmamul Minnə: 1/ 398).
Diqqət: Tərcümə edilən fətvalar tərcümə edilməyən fətvalardan qat-qat azdır. Allah bizi doğru yolda sabit etsin və hər zaman elm əhlinin elmini bizdən əksik etməsin.

Elmi dəstək: Furqan yayınları
Category: Islam | Added by: jurnalist (2007-09-13)
Views: 444 | Rating: 0.0/0 |

Total comments: 0
Name *:
Email *:
Code *:
Catalog categories
Tercumeyi-hal [10]
Maraqli Melumatlar [5]
Elan [0]
Astrologiya [3]
Islam [12]
Flash oyunlar [6]
Layiheler [1]
Mentiq [1]
Our survey
Ozumu ...?
Umumi Sesler: 144
Site friends
 
 
Copyright MyCorp © 2016