Bakıda ABŞ-ın “Microsoft” Korporasiyası Azərbaycan dilində Windows XP İnterfeys paketinin təqdimatını keçirib.
“Microsoft”un Azərbaycan üzrə direktoru Vladimir Çaykovski deyib ki, bu, şirkətin Azərbaycan dilinə tərcümə etdiyi ilk məhsuldur. “AZEL” şirkətinin vasitəsilə həyata keçirilən bu prosesin gerçəkləşməsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verib. Rabitə və informasiya texnologiya naziri Əli Abbasov isə bildirib ki, Azərbaycanda proqram təminatının hazırlanması getdikcə ön plana çıxır: “Artıq ali məktəblərdə proqram təminatı ilə bağlı tədrisdə canlanma başlanıb. Gənc nəsil buna maraq göstərir. Buna görə də Azərbaycan hökuməti “Microsoft”la əməkdaşlıq edir. “Microsoft” öz fəaliyyəti ilə Azərbaycana yeni məhsullar və xidmətlər gətirir. Onun Azərbaycan iqtisadiyyatındakı yeri getdikcə möhkəmlənir”. Nazir deyib ki, Azərbaycanda bir il əvvəl fəaliyyətə başlayan “Microsoft” Korporasiyası ilk növbədə geniş istifadə olunan “Windows” proqramını Azərbaycan dilinə tərcümə etməyi qərar verib. Bunu ağır və məsuliyyətli iş hesab edən Ə. Abbasovun fikrincə, “Microsoft” Azərbaycanda ofis açmasaydı, proqramın Azərbaycan dilinə tərcüməsi bir az da yubanardı. Nazir əlavə edib ki, “Microsoft”un I vitse-prezidenti Qreq Mundi srağagün lokallaşdırılmış Windows XP İnterfeys paketini dövlət başçısına təqdim edib
|